TBİLİSİ, 15 aprel. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri zamanı ikitərəfli əməkdaşlıq, həmçinin regional təhlükəsizliklə bağlı bir sıra məsələlər və hazırda ölkələr arasında həyata keçirilən mühüm iqtisadi layihələr müzakirə olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Səfir Gürcüstan mediasına açıqlamasında iki ölkə arasında əməkdaşlıq gündəliyində duran iqtisadi layihələrin vacibliyindən danışıb. O, xüsusilə bərpa olunan enerji və tranzit sahələrində Gürcüstan və Azərbaycanın birgə reallaşdırdığı bir sıra iri layihələri vurğulayıb.

Z.Pataradze Gürcüstanın dövlət başçısının ilk xarici səfərini Azərbaycana edəcəyini qeyd edərək Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsi adlandırıb. Diplomat M.Kavelaşvilinin ilk səfərinin Azərbaycana olmasının çox vacib əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, M.Kavelaşvili bu gün Azərbaycana rəsmi səfər edəcək. O, ikigünlük səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. Prezidentin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlamentin üzvləri - Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.