BAKI, 8 aprel. TELEQRAF

"Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin Avropa Şurası Parlament Assambleyasıda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir".

Teleqraf xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Qeyd olunub ki, ali komissar ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub:

"Qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışından bəhs edilməməsi qəbuledilməzdir. Biz ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq. Bundan əlavə, ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gun törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 ilik tarixi məqsədə nail olduq” deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşıxüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir".