
TBİLİSİ. 6 aprel. TELEQRAF
Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri arasında üçtərəfli əməkdaşlıq formatı yaradılacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
O, üç ölkənin parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatının uzun müddətdir qurulduğunu qeyd edib.
“Bu formata xarici əlaqələr komitələrinin hər il keçirilən görüşləri daxildir. Spikerlər arasında əməkdaşlıq formatının yaradılması münasibətləri daha da möhkəmləndirəcək. Parlament sədrləri formatında ilk görüşə bu il Türkiyə ev sahibliyi edəcək. Görüşdə üç ölkənin parlamentlərinin sədrləri nümayəndə heyətləri ilə görüşəcək və aramızda olan münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də regional məsələlər və iqtisadi layihələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər”, - N.Samxaradze deyib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə münasibətlər Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir və hər iki ölkə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır.
Qeyd edək ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında iştirak edir. Spiker Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüş keçirib. Tərəflər parlametlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazırlıqlarını ifadə ediblər.