BAKI, 30 mart. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə səfəri və səfər zamanı açılışını etdiyimiz İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir. Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq.

Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Sizi və ailənizi Mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram".

***

11:40

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab vitse-prezident! Əziz Qardaşım! Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Azərbaycanda Sizi etibarlı dost və ölkələrimiz arasında qardaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyən siyasi xadim kimi tanıyırlar. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, möhkəm təməllər üzərində qurulan və böyük inkişaf yolu keçən Azərbaycan-Türkiyə dövlətlərarası əlaqələri xüsusilə son illərdə dövlət başçılarımızın qətiyyətli səyləri ilə strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatmışdır.

Dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinə töhfə vermək istiqamətində Sizinlə birgə səylərimizi davam etdirmək əzmində olduğumu bir daha vurğulayıram. Sizinlə görüşlərimizi və səmimi təmaslarımızı ən xoş təəssüratla xatırladığımı bildirirəm. Əziz Qardaşım, fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə də Sizi ürəkdən təbrik edirəm. Sizə və qardaş Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət, daim əmin-amanlıq və rifah arzulayıram".