
BAKI, 26 mart. TELEQRAF
ABŞ-nin Beynəlxalq din azadlığı üzrə komissiyası (USCIRF) növbəti dəfə Azərbaycana qərəzli münasibəti ilə diqqəti çəkib.
Teleqraf xəbər verir ki, Qərbi Azərbaycan icması sözügedən komissyanın illik qlobal hesabatına belə münasibət bildirib.
Qərbi Azərbaycan icması hesabatı tənqid edərək bildirib ki, sənəd Azərbaycan əleyhinə fəaliyyətləri ilə məşhur olan Ümumerməni xeyriyyə ittifaqı və Araqats fondu kimi erməni radikal milli qurumlarının qondarma ittihamlarına əsaslanır və ictimaiyyətdə çaşqınlıq yaranmasına şərait yaradır. Bundan başqa, hesabat radikal erməni diasporunun əlində alət olan və dezinformasiyaları ilə tanınan "Freedom House" təşkilatının rəyini əsas götürüb.
İcmanın bəyanatında o da qeyd olunur ki, USCIRF hesabatında Ermənistanın din azadlığına qarşı törətdiyi əməllər, o cümlədən Azərbaycan torpaqlarının işğalı zamanı 300-dən çox məscidin dağıdılması və qəbristanlıqların yerlə yeksan edilməsi nəzərə alınmayıb.
Bəyanatda deyilir: "Komissiyanın Ermənistanı din azadlığını tamamilə təmin edən ölkə kimi təqdim etməsi qəbulolunmazdır". Belə ki, Ermənistan tərəfi etnik təmizləmələri və dini abidələrin məhv edilməsi istiqamətində fəaliyyəti heç kəsdən gizli deyil.
Eyni zamanda Qərbi Azərbaycan icması komissiyanı bir faktı da diqqətə almağa çağırıb: Ermənistan hökuməti öz hüdudları daxilində Azərbaycan mədəni və dini irsinin YUNESKO missiyası tərəfindən araşdırılmasına icazə verməyib.
Bundan başqa, icma hesabatda "Dağlıq Qarabağ" kimi terminlərin işlədilməsini də tənqid edir və bildirir ki, bu cür ifadələrin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsiz yanaşmadan xəbər verir.
Qərbi Azərbaycan icması eyni zamanda ABŞ hökumətini bu cür ikili standart siyasətinə qarşı müvafiq addımlar atmağa çağırıb.
Xatırladaq ki, USCIRF illik hesabatında Azərbaycana qərəzli münasibətini ortaya qoyub. Belə ki, komissiya ölkəmizi dini azadlıqların təmin olunması baxımından xüsusi narahatlıq doğuran dövlətlər siyahısına daxil edib.