
TBİLİSİ, 20 mart. TELEQRAF
“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdə deyib.
Onun sözlərinə görə, danışıqların yekunlaşması regionda dayanıqlı sülh və sabitlik üçün tarixi addımdır.
Görüşdə Gürcüstanla Ermənistan arasında səmərəli əməkdaşlıq və uzunmüddətli mehriban qonşuluq münasibətləri müzakirə olunub. Söhbət zamanı regiondakı problemlərə, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də toxunulub.
Baş nazirlər bu gün İrəvanda UEFA Millətlər Liqasının pley-off mərhələsində keçiriləcək Ermənistan-Gürcüstan oyununu izləyəcəklər.