BAKI, 20 oktyabr. TELEQRAF
"Zəlzələ baş verəndən sonra Qurban Yetirmişlinin açıqlamaları süni şəkildə formalaşdırılan miflərin dağılmasına səbəb olur. Nəticədə cəmiyyətdə zəlzələ xofu yaşanmır. Bu, maarifləndiricilik baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, zəlzələnin proqnozlaşdırılması ilə məşğul olanlar zəlzələ ola biləcəyini deyirlər, ancaq Qurban Yetirmişli təhlükəli vəziyyətin olmadığını bildirir".
Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən konfransda deyib.
“Qurban müəllim elmi cəhətdən əsaslandırılmış fikirlər səsləndirir. Cəmiyyət Qurban Yetirmişliyə inanır. Alternativ fikirlər də səsləndirilir, ancaq nə yaxşı ki, onlar təsdiqini tapmayıb. Bu da məsuliyyətli və zəruri işdir.
Dünyanın heç bir seysmoloji mərkəzi zəlzələnin baş verəcəyini bir dəqiqə əvvəl xəbər verə bilmir. Ancaq seysmologiya elmi zəlzələlərin öyrənilməsi ilə məşğuldur”.
İsa Həbibbəyli həmçinin vurğulayıb ki, seysmologiya sahəsində kadr hazırlığı vacibdir və bu məqsədlə magistratura və doktorantura səviyyələrində müvafiq ixtisas üzrə yerlər açılmalıdır.