BAKI, 19 oktyabr. TELEQRAF

2026-cı ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı cəmi 443 müraciət daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQUPDK Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

O bildirib ki, müraciətlərin 72-si kişi, 349-u qadın və 22-si uşaqlar tərəfindən olub.

"Müraciət edən kişilər daha çox psixi zorakılığı, bəzi hallarda iqtisadi zorakılığı ilə bağlı, daha çox övladları ilə, övladlarının keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalmas ilə bağlı müraciət ediblər.

443 müraciətin 97-si psixi zorakılıq, 36-sı iqtisadi zorakılıq, 303-ü fiziki zorakılıq və 7-si cinsi zorakılıq ilə bağlı olub.

Daxil olan müraciətlərin 207-si regionlardan və 235-i Bakı şəhərinin 12 rayonu üzrə olub", - İ. Məmmədova vurğulayıb.

O əlavə edib ki, Dövlət Komitəsinə daxil olan 443 müraciət hələ təsdiqini tapan faktlar deyil:

"Bunlar sadəcə olaraq müraciətlərdir. Müraciətlər aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Yalnız daxil olan cavab məktublarından sonra biz bu müraciətlərin neçəsinin təsdiqini tapmış olduğunu öyrənə bilirik".