BAKI, 14 sentyabr. TELEQRAF

Müasir dövrün əsas çağırışları sırasında qütbləşmə, dözümsüzlük, ekstremizm və islamofobiya var.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bu gün Bakıda keçirilən Bakuviyə həsr olunmuş Beynəlxalq Konfransda deyib.

O bildirib ki, sosial təzyiq, ailə həyatının qarşılaşdığı problemlər və texnoloji transformasiyanın yaratdığı etik məsələlərin də diqqətdə saxlanılması vacibdir.

"Məsuliyyətimiz irsimizi inkişaf etdirmək və onu gələcəyə uyğun, aktual bir dəyərə çevirməkdir.

TDT dini qurumlar, alimlər, universitetlər və mədəniyyət təşkilatları arasında əməkdaşlığı gücləndirən təşəbbüsləri bundan sonra da dəstəkləyəcək", - o əlavə edib.

Baş katib vurğulayıb ki, Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi və intellektual irsinin mühüm hissəsidir:

"Bakuvinin irsi biliyə, mənəviyyata, mötədilliyə, müdrikliyə və insan ləyaqətinə hörmətə əsaslanan İslam ənənəsini təmsil edir".