BAKI, 14 sentyabr. TELEQRAF

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri Birləşmiş Krallığın siyasi mənzərəsinin dəyişdiyini və Vestminsterin hökmranlığı dövrünün sonunun yaxınlaşdığını bəyan ediblər.

Teleqraf xəbər verir ki, Kardiffdə keçirilən görüş zamanı Şotlandiya, Uels və Şimali İrlandiya hökumətlərinin başçıları Con Svinni, Roun ap İorvert və Mişel O Nil əməkdaşlıq memorandumu imzalayıblar.

Svinni görüşü Birləşmiş Krallığın konstitusiya yolunda “həlledici məqam” adlandırıb. Liderlər bildiriblər ki, onların siyasi hərəkatlarına dəstək artır və konstitusiya dəyişiklikləri qaçılmaz xarakter alır.

Həmçinin onlar öz xalqlarının müqəddəratını təyinetmə hüququnun tanınmasına və Britaniya hökumətinin hər bir ərazidə konstitusiya dəyişikliklərinə hazırlaşmasına və bu prosesə şərait yaratmasına çağırıblar. Əməkdaşlıq sazişinə əsasən, tərəflər daha güclü və ədalətli iqtisadiyyat, öz enerji resurslarının genişləndirilməsi, eləcə də ölkələrinin Avropa İttifaqı ilə gələcək münasibətləri məsələləri üzrə birgə işləməyi planlaşdırırlar.

Görüşdə “Şinn Feyn” partiyasının sədri Meri Lu Makdonald da iştirak edib və sazişin imzalanmasını “tarixi hadisə” adlandırıb.

Liderlər vurğulayıblar ki, onların partiyalarının konstitusiya ilə bağlı məqsədləri fərqlidir və hər bir xalq öz gələcəyini öz yolu və öz vaxt cədvəli ilə müəyyən etməlidir.

Şotlandiya Milli Partiyası Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır, “Plaid Cymru” müstəqil Uelsin yaradılmasını, “Şinn Feyn” isə Şimali İrlandiya ilə İrlandiya Respublikasının yenidən birləşməsini dəstəkləyir.