BAKI, 14 sentyabr. TELEQRAF

Azərbaycanın 10 rayonunda modul tipli məktəb binalarının quraşdırılması üçün ümumilikdə 11,7 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki açıq tender elan edib.

Ehtimal olunan qiyməti 5 milyon 517 min 68,76 manat olan birinci tender çərçivəsində Şəmkir, Gədəbəy, Tovuz və Quba rayonlarında 9 modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub.

İkinci tender üzrə isə Ağsu, Yevlax, Ağcabədi, Ağdam, Bərdə və Goranboy rayonlarında 10 modul tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Tenderin ehtimal olunan qiyməti 6 milyon 183 min 754,60 manatdır.

Tenderlər üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 12-nə təyin edilib.