BAKI, 14 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Köməksiz vəziyyətdə qalan vətəndaşların xilas edilməsi” mövzusunda təlim keçirib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, təlim Yevlax rayonunda fəaliyyət göstərən “AS istehsal” MMC-yə məxsus Yevlax dəmir-beton məmulatları zavodunun ərazisində keçirilib.

Təlimin keçirilməsində məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı zavodun ərazisində yerləşən istehsalat quyusunda şərti köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə “xilas edilərək” onlara “ilkin yardım” göstərilib.

Təlimə FHN Aran Regional Mərkəzinin və TƏBİB-in tabeliyində olan Yevlax rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb edilib.

Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.