BAKI, 14 sentyabr. TELEQRAF
“Daxili işlər nazirinin müavini məsələ ilə bağlı məruzə edir, bu kontekstdə “Güclü Ermənistan” fraksiyasının rəhbərlərindən biri ona sual verir ki, Belarusdakı Ermənistan səfirini məsləhətləşmələr üçün geri çağırmısınız, bunlar nə qədər davam edəcək? Müxalifət deputatlarının məsələyə yanaşması çox təəccüblüdür”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan parlamentin iclasında deyib.
Spiker “Minskdəki Ermənistan səfirinin məsləhətləşmələr üçün geri çağırılmasının səbəbi” barədə danışarkən iddia edib ki, bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 44 günlük müharibədə Azərbaycanı dəstəkləməsi ilə əlaqəlidir:
“Belarus həm də KTMT üzvü olan ölkədir. Buna cavab olaraq Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Məsləhətləşmələr izahat və ya üzr istənilənədək davam edəcək.
“Güclü Ermənistan” fraksiyasının liderlərindən biri həmçinin deyir ki, Ermənistan KTMT qarşısındakı öhdəliklərini yerinə yetirmir. Ciddisiniz? Bura gəlirsiniz və Ermənistan uğrunda həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirsiniz. Həmin vaxt KTMT-nin nə ilə məşğul olduğunu bilirsinizmi? (44 günlük müharibə zamanı Ermənistana yardım üçün) Onlara müraciət etdik, amma heç nə etmədilər”.