QARABAĞ, 12 sentyabr. TELEQRAF
Kəlbəcərdə Bal Festivalının keçirilməsi xüsusi məna daşıyır.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcərdə Bal Festivalının açılışında bildirib.
O qeyd edib ki, Kəlbəcərdə həyatın canlanması, insanların doğma torpaqlarına qayıtması və müxtəlif tədbirlərin keçirilməsi azad edilmiş ərazilərdə yaradılan yeni reallığın göstəricisidir.
B.Hacıyev Kəlbəcərdə Bal Festivalının artıq ikinci dəfə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Arıçılıq Kəlbəcərin qədim təsərrüfat ənənələrindən biridir və rayon əhalisinin məşğulluğunda mühüm yer tutub. Bu festivalın və Kəlbəcərdə keçirilən belə tədbirlərin əsasında kəlbəcərli insanın zəhməti, yurd sevgisi və Vətənə bağlılığı dayanır”.
Xüsusi nümayəndə festivalın gələcəkdə də ənənəvi şəkildə keçirilməsinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının daha geniş şəkildə tanıdılmasına ümid etdiyini bildirib.