BAKI, 10 sentyabr. TELEQRAF
Müxalif “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı məhkəməyə müraciət edərək ondan ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (8 min dollar) məbləğində təzminat ödəməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Karapetyan həmçinin Paşinyandan mayın 29-da səsləndirdiyi bəyanatları canlı efirdə və ya sosial şəbəkələrdəki səhifəsində təkzib etməsini tələb edib.
Məsələ Paşinyanın Karapetyana göbələk yedizdirəcəyi ilə bağlı hədəsiylə əlaqəlidir. Baş nazir bildirib ki, əgər əvvəllər Çin onun üçün Böyük Çin səddi, Konfutsi, kağız, barıt və ipəyin ixtirası ilə assosiasiya olunurdusa, halüsinogen göbələklər haqqında o, ilk dəfə Karapetyandan eşidib. Paşinyanın sözlərinə görə, rusiyalı oliqarx müxtəlif ölkələrə səfər edərkən ilk növbədə məhz halüsinogen göbələklərlə maraqlanır.
Samvel Karapetyan isə mayın 7-də Nikol Paşinyan haqda söyləmişdi:
“Çində insanlarda halüsinasiyalara səbəb olan xüsusi göbələk restoranları var. Paşinyan Çində olanda bunu sınayıb, bəyənib. Məndə olan məlumata görə, Ermənistana təxminən bir ton bu göbələkdən gətirib. Paşinyan jurnalistlərlə görüşəndə mütləq həmin göbələklərdən istifadə edir”.