BAKI, 8 sentyabr. TELEQRAF
Müasir dövrdə həm iqlim təhlükəsizliyi, həm fəlakət risklərinin azaldılması, həm də humanitar təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır.
"Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır. Eyni zamanda, münaqişələrdən sonra qalan mina və digər partlayıcı sursat təhlükəsi əhalinin təhlükəsizliyinə, infrastruktur layihələrinə, kənd təsərrüfatına, şəhərsalma prosesinə və insanların öz doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır", - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır:
"Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir. Lakin mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür. Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir".