BAKI, 8 sentyabr. TELEQRAF
Daşqınlar və sellər zamanı minalardan təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları müşahidə olunub.
Teleqraf xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iqlim dəyişikliklərinin təsiri minatəmizləmə fəaliyyətində də hiss olunur:
“Fəaliyyətimizin spesifikasını nəzərə alaraq, yağışlı günlərdə təhlükəsizlik səbəbindən işləyə bilmirik. Son illərdə yağışların artması sözsüz ki, fəaliyyətimizə mənfi təsir göstərir”.
V.Süleymanov qeyd edib ki, daşqınlar və sellər zamanı daha əvvəl minalardan təmizlənmiş ərazilərin yenidən çirklənməsi bir neçə dəfə müşahidə olunub.
“Çay suları və daşqınlar zamanı minalar aşağı ərazilərə gətirilir. Sözsüz ki, bu, bizim üçün həyəcan təbilidir. Artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan, sellərdən sonra əraziləri əlavə olaraq təftiş edirik”.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 300 min hektardan çox ərazi minalardan və partlamış hərbi sursatlardan təmizlənib.
Bu müddətdə aparılan əməliyyatlar nəticəsində 262 minə yaxın mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.