BAKI, 8 sentyabr. TELEQRAF
Əvvəllər ölkə ərazisində sel-daşqın hadisələri ildə təxminən 10-20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici təxminən 10-15 dəfə artıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, bu göstəricilər artıq yalnız infrastrukturun inkişafı və hadisələrə operativ reaksiyanın kifayət olmadığını göstərməklə bizdən daha proaktiv yanaşmaya keçidi tələb edir.
"Biz atmosferdə və quruda baş verən prosesləri real vaxt rejimində izləməliyik. Növbəti mərhələdə nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı və mümkün təhlükələri əvvəlcədən müəyyən etməklə zəruri qabaqlayıcı tədbirlər görməliyik.
Məhz bu baxımdan rəqəmsal texnologiyalar, erkən xəbərdarlıq sistemləri və süni intellektin inteqrasiyası mühüm rol oynaya bilər", - o vurğulayıb.