BAKI, 8 sentyabr. TELEQRAF

İqlim dəyişikliyi, su ehtiyatlarının idarə olunması, buxarlanma, ekosistemlərin deqradasiyası və sosial-iqtisadi təsirlər onların ortaq taleyində bir-biri ilə sıx bağlıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Səidə Səfayeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Aral və Xəzər dənizləri fərqli su sistemləridir:

"Xəzər dənizində baş verən hazırkı dəyişikliklərə nəzər saldıqda, qeyri-müəyyənlik şəraitində belə təcili tədbirlərin görülməsinin, birgə monitorinqin və regional əməkdaşlığın nə qədər vacib olduğunu görürük.

Burada vacib məqam ondan ibarətdir ki, söhbət yalnız keçmişin mənzərəsindən getmir, bu, gələcək üçün də bir dərsdir. Xəzər dənizinin gələcəyi bu gün qəbul edilən qərarlardan asılıdır.

Aral dənizinin təcrübəsi göstərir ki, su ehtiyatlarının idarə olunmasına yalnız ekoloji məsələ kimi yanaşmaq olmaz. Bu məsələ sosial-iqtisadi, səhiyyə və infrastruktur problemlərini daha da gücləndirən amilə çevrilə bilər. Öz növbəsində, Aral təcrübəsi məqsədyönlü iqlim dayanıqlılığı və planlaşdırma imkanlarının gücləndirilməsinin vacibliyini göstərir. Beləliklə, Özbəkistan Aral dənizi kontekstində regional əməkdaşlıq və idarəetmə sahəsində dəyərli təcrübəyə malikdir. Bu təcrübə ortaq su ehtiyatları ilə bağlı mürəkkəb ekoloji və sosial-iqtisadi problemlərin həllində faydalı ola bilər".

Səidə Səfayeva qeyd edib ki, Xəzər və Aral dənizləri yüz faiz olmasa da, müəyyən mənada bir-birinə çox bənzəyir:

"Təbii ki, ölçüsü və tərkibi baxımından Xəzər dənizi tamamilə fərqlidir. Lakin antropogen təsirlər və onların yaratdığı mexanizmlər baxımından kifayət qədər oxşar məqamlar mövcuddur və bu təcrübədən istifadə etmək mümkündür".