BAKI, 8 sentyabr. TELEQRAF

Ölkəmiz milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atıb.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.

O bildirib ki, Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir.

"Son 5 il ərzində 2026-cı ilin investisiyaları nəzərə alınmaqla, bu sistemlərin 82%-i artıq avtomatlaşdırılıb.
Lakin bu, erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində əsas və birinci pillədir. Qarşıda həyata keçirilməli bir sıra mühüm hədəflər mövcuddur. Çünki, İqlim dəyişmələri artıq uzaqda baş verən bir təhlükə deyil. Bu, təsirlərini bu gün və burada yaşadığımız reallıqdır", - o vurğulayıb.

Onun sözlərinə görə, süni intellektin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası iqlim risklərinin daha sürətli qiymətləndirilməsinə imkan verəcək:

"Bəzi qabaqlayıcı tədbirlərin vaxtında görülməsi mümkün olacaq. ÜMT-ı bildirir ki, cəmi 24 saat əvvəl verilən xəbərdarlıq belə zərəri 30%-dək azalda bilər.

Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyayalara və yeni imkanlara keçid edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin mart ayında təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" ölkəmizin siyasətini müəyyən edən önəmli sənəddir. Bu strateji yanaşma iqlim dəyişmələri ilə mübarizədə də yeni imkanlar yaradacaq. Xüsusilə, erkən xəbərdarlıq sistemlərinin qurulması və inkişafı dəstəklənəcək. Qeyd edim ki, 2025-ci ilin oktyabr ayında Ümumdünya Meteorologiya Təşkilatı Süni intellektin proqnozlaşdırmada və erkən xəbərdarlıq sistemlərində tətbiqini təşviq edən qərar qəbul edib".