BAKI, 8 sentyabr. TELEQRAF
Xəzərin idarə olunması üzərində Xəzəryanı ölkələrin birgə işləməsi çox vacibdir.
Teleqraf xəbər verir ki, bunu NGIC üzvü İsmayıl Serageldin BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, region dövlətləri bu istiqamətdə sıx əməkdaşlıq etməlidirlər:
"Hazırda baş verən proseslər əvvəlki meyllərin sürətlənməsidir. İqlim dəyişikliyi təbiət hadisələrinin miqyasını və tezliyini artırır, ekoloji qeyri-müəyyənliklər sürətlə dəyişir. Bu dəyişikliklər yalnız ekoloji sahə ilə məhdudlaşmır, onların biomüxtəlifliyə, iqtisadiyyata və əhaliyə təsiri danılmazdır. Heç bir ölkə bu problemə təkbaşına qarşı gələ bilməz. Buna görə də 5 Xəzəryanı ölkənin bu məsələdə liderlik edəcəyinə inanıram".
İ.Serageldin vurğulayıb ki, mövcud vəziyyət sahil xəttinə, orada yaşayan icmalara, su infrastrukturlarının əlçatanlığına və su hövzəsi boyunca yerləşən yaşayış məntəqələrinin iqtisadi bazasına birbaşa təsir göstərir. Onun sözlərinə görə, bu məsələyə qısamüddətli ekoloji problemlər kimi baxılmamalı, regional çağırış kimi yanaşılmalıdır:
"Hazırda suyun idarə olunması üzrə düzgün proqramlar qurmaq imkanımız var. Məsələn, Azərbaycanda su ehtiyatlarının böyük hissəsi kənd təsərrüfatında istifadə olunur. Aqrar sektorda sudan səmərəli istifadə ərzaq təhlükəsizliyi və əhalinin rifahı ilə birbaşa bağlıdır".
NGIC üzvü çirklənmə faktorunun da kritik rol oynadığını diqqətə çatdırıb:
"Su məsələsi yalnız miqdar deyil, həm də keyfiyyət deməkdir. Çirklənmə həm ətraf mühitə, həm də suyun əlçatanlığına mənfi təsir edir. Bu baxımdan, heç bir ölkə problemi təkbaşına həll edə bilməz".