BAKI, 8 sentyabr. TELEQRAF

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen general Ratko Mladiçə Belqradda dövlət səviyyəsində dəfn mərasiminin təşkilini tənqid edərək bunu “şokedici” adlandırıb.

Teleqraf xəbər verir ki, o, dəfn mərasimində Serbiya hakimiyyətinin nümayəndələrinin qatılmasına da diqqət çəkib.

Fon der Leyen qeyd edib ki, Mladiç soyqırımı, hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan, müharibə cinayətləri törətməkdə təqsirli bilinərək məhkum edilmiş şəxs olub.

Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, dəfn mərasiminə rəsmi dəstəyin nümayiş etdirilməsi və yüksək vəzifəli Serbiya rəsmilərinin iştirakı təəssüf doğurur:

“Bu, Serbiyanın Avropanın yaxın tarixinin qaranlıq səhifələri ilə üzləşmək iqtidarında olmadığını göstərir və ölkənin Avropa İttifaqına üzvlük yolunun əsasını təşkil edən dəyərlərlə ziddiyyət təşkil edir”.

Ursula fon der Leyen keçmiş Yuqoslaviya ölkələrində törədilmiş cinayətlərin bütün qurbanlarının ailələrinə və yaxınlarına dəstəyini vurğulayıb.

Xatırladaq ki, Ratko Mladiç avqustun 27-də Haaqa həbsxanasında 84 yaşında vəfat edib. Cənazəsi sentyabrın 3-də Belqrada gətirilən general sentyabrın 7-də dəfn olunub.

“Bosniya qəssabı” ləqəbli Ratko Mladiç Bosniya müharibəsi (1992-1995) zamanı separatçı serb ordusunun - VRS-in Baş Qərargah rəisi və əsas hərbi komandanı olub. O, bu vəzifədə 1992-ci ildən 1996-cı ilə qədər fəaliyyət göstərib. Xüsusilə Srebrenitsa soyqırımı, Sarayevonun uzunmüddətli mühasirəsi və Bosniya müharibəsi zamanı serb qüvvələrinin həyata keçirdiyi digər ağır cinayətlərin iştirakçısı olub.

1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməsi Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.

Ratko Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.

2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.