BAKI, 8 sentyabr. TELEQRAF
“PISA 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını qiymətləndirdiyi üçün təhsilin müəyyən mərhələsinin nə dərəcədə effektiv olduğunu göstərən mühüm indikatorlardan biridir”.
Telerqaf xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib.
Nazir qeyd edib ki, Azərbaycanda da bir neçə qiymətləndirmə həyata keçirilir.
“PISA elə bir şkala və ölçü sistemidir ki, həm ölkənin öz daxilindəki inkişafını, həm də digər ölkələrlə müqayisəsini aparmağa imkan verir. Bu qiymətləndirmə real ölçmələrə və statistik hesablamalara əsaslanır.
PISA-nın əsas funksiyalarından biri məhz müqayisə aparmaqdır. Bu, təhsil siyasəti baxımından çox vacibdir. PISA nəticələri yerli təhlilçilər üçün təhsil siyasəti ilə bağlı araşdırmalar baxımından çox dəyərlidir.
O cümlədən, hansı istiqamətlər üzrə işləməli olduğumuz və bununla bağlı metodologiyanın formalaşdırılması vacibdir. Təhsil siyasəti bu tip göstəricilərə və statistik məlumatlara əsaslanmalıdır, ayrı-ayrı rəylərə və fikirlərə deyil”, - E.Əmrullayev vurğulayıb.