BAKI, 8 sentyabr. TELEQRAF

“Qrenlandiya Avropa İttifaqının (Aİ) üzvü olmaq niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu adanın Baş naziri Yens-Frederik Nilsen deyib.

O bildirib ki, Qrenlandiya Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcək, amma üzvlük məsələsi müzakirə olunmur:

“Qrenlandiya hələ də uzun illər əvvəlki vəziyyətindədir - bizim Aİ ilə tərəfdaşlıq münasibətlərimiz var. Bu münasibətləri inkişaf etdirmək, onları daha strateji və möhkəm etmək istərdik, amma hazırda Aİ-yə üzvlük məsələsi müzakirə olunmur”.

Sentyabrın 7-də Qrenlandiya, Aİ və Danimarka 2015-ci ildə imzalanmış son birgə bəyannamə ilə müqayisədə əməkdaşlığı genişləndirən yeni birgə bəyannamə imzalayıb. Artıq tərəfdaşlıq kritik əhəmiyyətli xammal, energetika və rəqəmsal kommunikasiyalar kimi sahələri də əhatə edir.

Qrenlandiya 1973-cü ildə Danimarka ilə birlikdə Avropa İttifaqına qoşulmuşdu. Amma 1979-cu ildə muxtariyyət əldə etdikdən və Danimarkanın hakimiyyəti çərçivəsində özünüidarəetmə tətbiq edildikdən sonra ada 1982-ci ildə Aİ-dən çıxmaq barədə qərar qəbul etmişdi. Qrenlandiya 1985-ci ildə Aİ-dən çıxaraq muxtar xüsusi ərazi statusu alıb. Qrenlandiyanın Aİ-dən çıxmasının əsas səbəbləri Aİ-nin balıqçılıq siyasəti ilə bağlı fikir ayrılıqları və adanın balıq ehtiyatları üzərində nəzarəti geri qaytarmaq istəyi olub.