BAKI, 8 sentyabr. TELEQRAF
“Hökmranlığını qoruyub saxlamaq üçün son vasitələrindən yapışan Avropa İttifaqı (Aİ) ağır yaralanmış vəhşi heyvana oxşayır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir 500 ildən artıq davam edən Qərb hökmranlığının süni şəkildə qorunub saxlanmasının mümkün olmadığını iddia edib. Lavrovun sözlərinə görə, Qərb öz mövqelərini ədalətli rəqabət şəraitində müdafiə etməlidir:
“Amma Qərb bütün tarixi boyu bunu bacarmayıb, heç vaxt dürüst fəaliyyət göstərməyib, həmişə başqalarının hesabına mövcudluğunu saxlayaraq müstəqil şəkildə uğur qazanmayıb.
Qərbin obyektiv şəkildə hər şeyə hökmranlıq etmək qabiliyyətini itirməsi onun tamamilə vicdansız üsullardan istifadə etməklə hökmranlıq etməyə çalışmasına gətirib çıxarır: sanksiyalardan, hətta birbaşa müdaxilədən, o cümlədən hərbi müdaxilədən istifadə edirlər. Artıq hökmranlıqlarını qoruyub saxlamaq üçün son vasitələrdən yapışırlar. Tarixi baxımdan Qərb, xüsusilə də Avropa ağır yaralanmış vəhşi heyvana bənzəyir. O, daha təhlükəli hala gəlir. Artıq dünya 1970-ci illərdə olduğundan daha sabit deyil”.
Sergey Lavrov xatırladıb ki, hazırda çoxqütblü dünyanın yeni mərkəzləri formalaşır:
“Çin ən güclü və sürətlə inkişaf edən dövlətdir, bunu hamı görür. Amma amerikalılar və müttəfiqləri sadəcə kölgəyə çəkilmək, Çinin İkinci Dünya müharibəsindən sonra əsası qoyulmuş qlobal valyuta-maliyyə və ticarət sistemində onları geridə qoyduğunu etiraf etmək istəmirlər. Məsələn, Çin və Rusiya da daxil olmaqla digər BRİKS ölkələrinin BVF-dəki səhmdar kapitalında səs hüquqları artıq bizdə olduğundan xeyli çox olmalıdır. Ancaq veto hüququna malik olan amerikalılar hər şeyi bloklayırlar”.