BAKI, 8 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sosial mediada İslandiya ərazisinin Amerika bayrağının rənglərinə boyandığı xəritəni paylaşmasından sonra ABŞ səfiri Billi Lonq bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, İslandiya xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottirin səfirlə görüşündə paylaşımın tamamilə qəbuledilməz olduğu bildirilib.

Trampın “Truth Social”da paylaşdığı xəritədə ABŞ, Mərkəzi Amerikanın bəzi ölkələri, Kanada, Qrenlandiya və İslandiya ABŞ bayrağının rənglərində təsvir olunub.

ABŞ lideri bundan əvvəl də Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın Amerikanın tərkibinə daxil olması ehtimalı barədə dəfələrlə danışıb. Bundan əlavə, Tramp sosial şəbəkədə ABŞ-nin bir neçə xəritəsini yayımlayıb. Həmin xəritələrdə ABŞ-nin Nyu-Meksiko ştatının adı “Yeni Amerika” olaraq göstərilib. Sentyabrın 6-da o, bu ad dəyişikliyini dəstəklədiyini bildirib.