BAKI, 3 sentyabr. TELEQRAF
Humanitar minatəmizləmə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və əhalinin təhlükəsiz qayıdışı üçün əsas şərtlərdən biridir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Mina Təmizləmə Mərkəzinin şöbə müdiri Fatih Yel Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O bildirib ki, yol, məktəb, xəstəxana, enerji obyekti, su xətti və yaşayış layihəsinin təhlükəsiz istifadəyə verilməsi üçün ərazinin əvvəlcədən etibarlı şəkildə tədqiq və təmizlənməsi, keyfiyyətə nəzarətdən keçirilməsi vacibdir:
“Humanitar məqsədli mina fəaliyyəti yenidənqurmadan əvvəl həyata keçirilməli olan adi texniki proses deyil. Minatəmizləmə təhlükəsiz məskunlaşmanın ilk addımıdır”.
Onun sözlərinə görə, qabaqcıl texnologiyanın uğuru istifadə olunan sensor, robot və ya alqoritmlərin sayı ilə deyil, insanların təhlükədən uzaqlaşdırılması, ərazilərin təhlükəsiz istifadəyə açılması, vaxta və resurslara qənaət edilməsi ilə ölçülməlidir:
“Hərbi və humanitar minatəmizləmə arasında əsas fərq məqsədlərdədir. Hərbi əməliyyatlarda əsas hədəf marşrutun mümkün qədər sürətlə açılması olduğu halda, humanitar minatəmizləmədə ərazinin yüksək etibarlılıq səviyyəsi ilə daimi istifadəyə verilməsi əsas götürülür.
Peyk görüntüləri, dronlar, maqnit sensorları, metal detektorları, yeraltı radarlar və süni intellekt şübhəli ərazilərin müəyyənləşdirilməsi və işlərin planlaşdırılmasında mühüm dəstək verə bilər. Bununla belə, bu texnologiyaların bütün minaları istənilən şəraitdə birbaşa aşkar edə bildiyini söyləmək doğru olmaz.
Burada məqsəd minatəmizləmə fəaliyyətini həyata keçirən şəxsləri sistemdən kənarlaşdırmaq deyil. Əsas məqsəd insanın mühakimə qabiliyyətini, sahə təcrübəsini və yekun qərarvermə səlahiyyətini qorumaqdır”, - deyə o əlavə edib.