BAKI, 3 sentyabr. TELEQRAF
Azərbaycanın mina fəaliyyəti ilə bağlı səylərinə beynəlxalq dəstəyin miqyası hələ də çox məhduddur. Azərbaycanda minatəmizləmənin maliyyələşdirilməsinin 95 faizi dövlət vəsaitləri hesabına həyata keçirilir, yalnız təxminən 5 faizi xaricdən gəlir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O qeyd edib ki, bu balans dəyişə bilər və dəyişməlidir: “Bunun necə həyata keçirilə biləcəyi ilə bağlı bir neçə fikri diqqətinizə çatdırmaq istərdim.
Birincisi, mina fəaliyyətini beynəlxalq sülh gündəliyinin bir hissəsinə çevirmək lazımdır. Cənubi Qafqazda sülhdən danışarkən adətən sərhədlər, bağlantılar, ticarət və etimad quruculuğu məsələlərini nəzərdən keçiririk. Hesab edirəm ki, daha bir məsələni də əlavə etməliyik: müharibənin fiziki irsinin aradan qaldırılması. Çünki mina fəaliyyəti sülhün davamlılığına qoyulan investisiya kimi qəbul edilməlidir.
İkincisi, Azərbaycan hökumətinin həyata keçirdiyi böyük milli səylərə əlavə olaraq, Azərbaycanın mina fəaliyyəti üçün uzunmüddətli beynəlxalq maliyyələşdirmə mexanizminin yaradılması barədə düşünmək lazımdır. Söhbət yalnız fövqəladə yardımlardan və ayrı-ayrı layihələrdən getməməlidir. Azərbaycana planlaşdırma aparmağa, kadrlar cəlb etməyə, onları təlimləndirməyə, avadanlıqlara investisiya yatırmağa və minatəmizləməni sürətləndirməyə imkan verəcək proqnozlaşdırıla bilən, çoxillik maliyyələşdirməyə ehtiyac var”.
E.Əmirbəyov əlavə edib ki, üçüncü məqam daha güclü beynəlxalq texnologiya tərəfdaşlığının yaradılmasıdır:
“Süni intellekt, dronlar, peyk təsvirləri, qabaqcıl tədqiqat və xəritələndirmə üsulları, mexaniki minatəmizləmə və məlumat texnologiyaları minatəmizləmənin həm sürətini, həm də təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycan mina fəaliyyəti sahəsində regional qabaqcıl mərkəzə çevrilmək niyyətindədir və belə əməkdaşlığa açıqdır”.