BAKI, 3 sentyabr. TELEQRAF
Azərbaycanın minatəmizləmə fəaliyyətində əldə olunan əhəmiyyətli irəliləyişi yüksək qiymətləndiririk və regiondakı humanitar vəziyyətin yaxşılaşdırılması naminə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə ümid edirik.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini Vadim Sergeyev Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O bildirib ki, minalar dövrümüzün ən ciddi problemlərindən biridir:
“Piyada əleyhinə minalar, partlamamış hərbi sursatlar və kustar üsulla hazırlanmış partlayıcı qurğular ayrı-seçkilik etmir. Onlar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olur, infrastrukturun inkişafına maneə yaradır, ərzaq çatışmazlığına gətirib çıxarır və ətraf mühitə ziyan vurur.
Belə şəraitdə klassik minatəmizləmə üsulları effektivliyini itirir. Daha qabaqcıl yanaşmaların sürətlə tətbiqinə təcili ehtiyac var”.