BAKI, 3 sentyabr. TELEQRAF

Qazaxıstan və Rusiyanın “Rosatom” şirkəti ölkədə ilk Atom Elektrik Stansiyasının (AES) layihələndirilməsi, avadanlıqların təchizatı və tikintisi üzrə müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata görə, bu, Qazaxıstanda ilk AES-in tikintisi layihəsinin yeni, praktiki mərhələyə keçməsi deməkdir. Bundan sonra tərəflər Qazaxıstan hökuməti ilə zəruri razılaşdırmalar da daxil olmaqla, nəzərdə tutulan prosedurları həyata keçirməlidirlər.

Stansiyanın tikintisinə mümkün qədər çox Qazaxıstan müəssisələrinin və mütəxəssislərinin cəlb edilməsi, həmçinin yerli məhsul, iş və xidmətlərdən istifadə edilməsi planlaşdırılır.

AES-in tikintisinin yeni istehsalat sahələrinin yaradılmasına, texnologiyaların tətbiqinə və ixtisaslı kadrların hazırlanmasına töhfə verəcəyi gözlənilir. Artan elektrik enerjisi tələbatı fonunda nüvə energetikasının sənaye, infrastruktur, rəqəmsal xidmətlər və süni intellekt sistemləri üçün ölkəni sabit baza elektrik enerjisi ilə təmin edəcəyi gözlənilir.

İmzalanmış müqavilənin dəyəri və layihənin dəqiq icra müddəti açıqlanmayıb.

Xatırladaq ki, Qazaxıstanda AES tikintisi barədə qərar 2024-cü il oktyabrın 6-da keçirilmiş ümumxalq referendumundan sonra qəbul edilib. Rəsmi nəticələrə əsasən, seçicilərin 71,12 faizi təşəbbüsü dəstəkləyib.