BAKI, 3 sentyabr. TELEQRAF

Azərbaycan burada həyata keçirdiyi səylərlə minatəmizləmənin məlumat və qabaqcıl texnologiyalar vasitəsilə sürətləndirilməsində çox innovativ yanaşma nümayiş etdirib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Azərbaycan 18 nömrəli Dayanıqlı İnkişaf Məqsədini qəbul etməklə bizə uğuru yalnız neçə hektar ərazinin təmizləndiyi ilə deyil, həm də əldə olunan nəticələrlə ölçmək imkanı yaradıb.

Bu yanaşma bizə sübutlarla göstərməyə kömək edir: neçə ailə evinə qayıdıb, neçə məktəb fəaliyyət göstərir, klinikalar və xəstəxanalar yenidən açılıbmı, yollar icmaları yenidən birləşdirirmi və insanların dolanışığı bərpa olunubmu?

Məhz belə yanaşma mina fəaliyyətinin inkişafı sürətləndirən amil kimi ölçülə bilən hala gəlməsinə imkan verir.

UN-Habitat olaraq ANAMA, SCUPA, Azərbaycandakı digər nazirliklər, bələdiyyələr və BMT-nin Ölkə Komandası ilə tərəfdaşlığımızı daha da dərinləşdirməyə sadiqik”.