BAKI, 3 sentyabr. TELEQRAF

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı Nuran Abdurrahmanovun cinayət işi üzrə zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisinin vəkili vəsatət verib.

O bildirib ki, məlum hadisə ilə bağlı zərərçəkənin hüquqi varisinin səhhətində problem yaranıb, bu səbəbdən prosesdə iştirak edə bilmir. Vəkil məhkəmənin təxirə salınmasını istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 17-nə təyin edilib.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqan məhrum edilib.

Qeyd edək ki, Aynur Rzayevanın atası Tapdıq Rzayev Birinci Qarabağ müharibəsi şəhididir. O, 1991-ci ildə Xocalıda şəhid olub.

Aynur Rzayeva 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.