BAKI, 3 sentyabr. TELEQRAF

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi Ermənistan ərazisinin kiçildilməsini nəzərdə tutmur. Tərəflər razılaşdırılmış xətdən kənarda yerləşdikləri hissələrdən geri çəkilməlidirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Kərki və digər kəndlərin Azərbaycana təhvil verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Əgər siz “delimitasiya” sözündən istifadə edirsinizsə, zəhmət olmasa, bu sözün mənasını açın. Bizim irəlilədiyimiz bütün yerlərdə geri çəkiləcəyik, onlar irəlilədikləri yerlərdən isə geri çəkilməlidirlər”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, sərhəd məsələsi Ermənistan və Azərbaycan arasında razılaşdırılmış qaydalar əsasında tənzimlənir və bu qaydalar hər iki tərəf üçün məcburi qüvvəyə malikdir.

Simonyan həmçinin delimitasiya nəticəsində Ermənistan ərazisinin kiçildilməsi barədə danışmağın düzgün olmadığını vurğulayıb: “Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir”.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycan ərazisi olduğunu bəyan edib. O, bu məsələnin delimitasiya prosesi çərçivəsində həll olunacağını da açıqlayıb. Bununla belə, Nikol Paşinyanın adını çəkmədiyi Sofulu kəndi də Ermənistan ərazisində Azərbaycana məxsus anklavlardan biridir.