BAKI, 3 sentyabr. TELEQRAF

Azərbaycan hazırda regionumuzda, hətta dünyada münaqişədən sonrakı ən böyük yenidənqurma səylərindən birini həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O bildirib ki, ölkədə keçmiş məcburi köçkünlər öz evlərinə qayıdır, kəndlər və şəhərlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur inşa edilir:

“Lakin çox sadə bir həqiqət var: torpağın altındakı təhlükə təhlükəsiz şəkildə aradan qaldırılmadan icmanı yenidən qurmaq mümkün deyil.

Buna görə də minatəmizləmədən danışarkən qayıtmaq hüququndan, yenidən qurmaq hüququndan və ən əsası, qorxu olmadan yaşamaq hüququndan da danışmalıyıq”.

E.Əmirbəyov əlavə edib ki, Azərbaycanın ərazisinin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib:

“Müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, mina təhlükəsi olan ərazilərin 75 faizi hələ də ölüm toxumları ilə doludur. Bu isə insan təhlükəsizliyi və insanların geri qayıdışı baxımından ciddi problemdir”.