BAKI, 3 sentyabr. TELEQRAF
Avropa İttifaqı Azərbaycanın, xüsusilə ANAMA-nın və tədqiqat, minatəmizləmə, maarifləndirmə və zərər çəkmiş icmalara yardım sahəsində fəaliyyət göstərən bütün qurumların gördüyü böyük işləri tanıyır və yüksək qiymətləndirir. Bu səylərdə Azərbaycanın yanında olmaqdan qürur duyuruq.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O bildirib ki, mina fəaliyyəti və yenidənqurma paralel şəkildə həyata keçirilməlidir:
“Bərpa uzunmüddətli planlaşdırma, güclü institutlar və hər şeydən əvvəl, zərər çəkmiş icmaların ehtiyacları əsasında həyata keçirildikdə daha effektiv olur.
Şəhərlərin bərpasından danışırıqsa, standartlardan da danışmalıyıq. Təhlükəsiz yaşayış məntəqələrindən danışırıqsa, mükəmməllikdən də danışmalıyıq.
Humanitar minatəmizləmə ayrıca fəaliyyət kimi deyil, təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin yaradılmasına aparan daha geniş yolun bir hissəsi kimi başa düşülməlidir.
Azərbaycanın təcrübəsi bu baxımdan mühüm dərslər verir. Bu, təkcə ərazilərin çirklənmə miqyası ilə deyil, həm də minatəmizləmə əməliyyatlarının yenidənqurma, geri qayıdış və uzunmüddətli regional inkişafla əlaqələndirilməsi məsələsi ilə bağlıdır. Bu, mürəkkəb bir prosesdir və burada davamlı beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Avropa İttifaqı bu yanaşmanı güclü şəkildə dəstəkləyir. Avropa İttifaqı üzv dövlətləri ilə birlikdə – “Team Europe” təşəbbüsü çərçivəsində – icmalar üçün minalardan azad mühitin təmin edilməsinə və region üzrə dayanıqlı inkişafın dəstəklənməsinə töhfə vermək öhdəliyinə sadiqdir. Bu gün Azərbaycan üçün bu kollektiv öhdəliyin həcmi 22 milyon avroya çatıb.
Mesajımız aydın və ardıcıldır: heç kim ayaq basdığı torpaqdan qorxu içində yaşamamalıdır”.