BAKI, 2 sentyabr. TELEQRAF

“Bosniya və Herseqovina 1992-ci ildən 1995-ci ilə qədər müharibə yaşayıb. Təəssüf ki, müharibədən sonra ərazilərimizin böyük hissəsi minalanmış vəziyyətdə qaldı. Bosniya və Herseqovinada minalarla çirklənmiş ərazilərin təxminən 80 faizini təmizlənib. Bu sahədə böyük təcrübəmiz var”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasınsa Bosniya və Herseqovina Mina Əleyhinə Fəaliyyət Mərkəzinin sədri Enis Horozovic deyib.

O bildirib ki, Azərbaycanın minatəmizləmə sahəsində həqiqətən də fenomenal nəticələr əldə edib.

“Bosniya və Herseqovina son 30 il ərzində bu istiqamətdə çox iş görüb. Biz Azərbaycanla bir neçə dəfə əlaqələr saxlamışıq və azərbaycanlı həmkarlarımız ölkəmizə səfərlər ediblər. Hətta bir dəfə məhz Azərbaycandan olan bir çəkiliş qrupu Bosniya və Herseqovinaya gələrək bizim ölkəmizi minalardan necə təmizlədiyimiz və bu prosesdə necə uğur qazandığımız barədə film çəkib. Öz təcrübəmizə gəldikdə, onu Azərbaycanla bölüşməyə hazırıq. Eyni zamanda, Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi təcrübəni də öyrənmək istərdik. Çünki Azərbaycanın bu sahədə əldə etdiyi nəticələr, həqiqətən də, olduqca təsiredicidir”, - o vurğulayıb.