BAKI, 2 sentyabr. TELEQRAF
Hazırda dünya səhiyyə sisteminin qarşısında duran əsas çağırışlardan biri məhz tibb işçilərinin çatışmazlığıdır.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2030-cu ildə dünya üzrə tibb işçilərinin çatışmazlığı 11 milyon nəfərə çatacaq.
"Bu, həqiqətən çox böyük rəqəmdir. Azərbaycana nəzər yetirsək, bu gün hər 10 min əhaliyə düşən həkim sayı 34,5-dir. Bu, səhiyyə sisteminin qarşısında duran ehtiyacları təmin edən saydır.
Qarşımızda duran çağırış bu sayın qeyri-bərabər bölünməsidir. Böyük şəhərlərdə - Bakı, Sumqayıt, Gəncə və Abşeronda bu say bizi, səhiyyə sistemini qane edir. Hətta Bakıda həkimlərin sayı hər 10 min nəfərə 101,7-dir. Müəyyən regionlarda isə həkim çatışmazlığı nəzərə çarpır. Bu, xüsusilə, ixtisaslı həkimlərə aiddir", - o vurğulayıb.
Anar Bayramov qeyd edib ki, aparılan islahatın əsas məqsədi tibb işçilərinin maddi rifahını yaxşılaşdırmaq, əməyini layiqli qiymətləndirmək, eyni zamanda, səhiyyə sisteminin qarşısında duran çağırışları qarşılamaq və problemləri aradan qaldırmaqdır:
"Əminəm ki, bu islahat regionlarda həkim sayının artmasına və bölgələrə ixtisaslı həkimlərin cəlbinə çox böyük dəstək olacaq".