“Ağdam, Füzuli, Laçın, Şuşa, Zəngilan, Kəlbəcər, Xocalı və digər ərazilərdə yeni yaşayış məntəqələrinin inkişafı sadəcə tikinti prosesi deyil. Bu, onilliklər boyu davam edən işğal və dağıntılardan sonra həyatın yenidən bərpa edilməsidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O bildirib ki, bu ANAMA üçün bu, böyük məsuliyyət yaradır:

“Bizim vəzifəmiz yalnız əraziləri təmizləmək deyil, həm də minatəmizləmə fəaliyyətinin milli yenidənqurma prioritetləri, Böyük Qayıdış prosesi və doğma yurdlarına qayıdan insanların gündəlik ehtiyacları ilə uzlaşdırılmasını təmin etməkdir.

Bu səbəbdən konfrans yalnız minatəmizləmə metodlarından bəhs etmir. Söhbət minatəmizləmə fəaliyyətinin insanlara, şəhərlərə və inkişafa necə daha yaxşı xidmət göstərə biləcəyindən gedir.

Növbəti iki gün ərzində humanitar minatəmizləmənin şəhərlərin bərpasına necə töhfə verdiyini, donor mexanizmlərinin yenidənqurma ehtiyacları ilə necə daha səmərəli əlaqələndirilə biləcəyini, dayanıqlı icmaların necə qurula biləcəyini, siyasət və planlaşdırmaya inteqrasiyanın necə gücləndirilə biləcəyini, texnologiya və innovasiyaların əməliyyatları necə daha təhlükəsiz və səmərəli edə biləcəyini müzakirə edəcəyik”.

Sədr vurğulayıb ki, Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır: "Lakin biz həm də öyrənmək üçün burdayıq. Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz. Çirklənmiş ərazilərdən bərpaya, riskdən dayanıqlılığa keçmək istəyiriksə, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiya və güclü milli məsuliyyətin hər biri zəruridir”.