BAKI, 2 sentyabr. TELEQRAF

Mina fəaliyyəti milli səviyyədə mənimsənilməli və milli səviyyədə idarə olunmalıdır. Lakin minalardan zərər çəkmiş heç bir icma bu bərpa yolunu təkbaşına keçməməlidir.

Teleqraf xəbər verir ki, bunu IV Beynəlxalq Mina Fəaliyyəti Konfransında ASEAN Regional Mina Təmizləmə Mərkəzinin icraçı direktoru Rotna But deyib.

O regional əməkdaşlığın üç əsas üstünlüyünü vurğulayıb:

“Bunlar öyrənmək, əlaqələndirmək və davamlılıqdır.

Cənub-Şərqi Asiyada üzv dövlətlərimiz partlayıcı sursatların yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində onilliklər ərzində böyük təcrübə toplayıblar. Ölkələrin şəraiti, çirklənmənin xarakteri və miqyası, milli institusional imkanları və prioritetləri bir-birindən fərqlənir.

Ona görə də regional əməkdaşlıq hər bir ölkənin qəbul etməli və ya izləməli olduğu vahid model yaratmaq demək deyil. Onun əsl dəyəri ölkələrə nəyin işlədiyini bölüşmək, nəyin işləmədiyi barədə açıq danışmaq və əldə olunan dərsləri öz milli kontekstlərinə uyğunlaşdırmaq imkanı yaratmasındadır.

Əgər bir ölkə müəyyən problemlə mübarizəyə artıq uzun illər sərf edibsə, digər ölkə eyni məsələdə sıfırdan başlamamalıdır. Həmkarlararası öyrənmənin gücü məhz bundadır”.

O əlavə edib ki, təkcə bilik kifayət deyil:

“Ölkələrə həmçinin düzgün ekspertiza, institutlar, texnologiyalar və tərəfdaşlar lazımdır.

Azərbaycan da daxil olmaqla, minalardan zərər çəkmiş digər ölkələrin təcrübəsindən və innovasiyalarından öyrənməli olduğumuz çox şey var.

Sadəcə kimin kimə yardım etdiyini soruşmaq əvəzinə, getdikcə daha çox bir-birimizdən nə öyrənə biləcəyimizi və birlikdə nəyə nail ola biləcəyimizi soruşmalıyıq”.

R.Butun bildirib ki, mina fəaliyyəti uzunmüddətli prosesdir:

“Layihələr, seminarlar və konfranslar mühüm əhəmiyyət daşıyır. Sədrin dünən axşamkı qarşılama mərasimində qeyd etdiyi kimi, bu, əlaqələrin qurulması üçün yaxşı platformadır. Lakin davamlı əməkdaşlıq münasibətlərin qurulmasını tələb edir. Ayrı-ayrı fəaliyyətlər başa çatdıqdan sonra da institutlar əməkdaşlığı davam etdirməlidir.

Regional mexanizm bu davamlılığın təmin olunmasına, milli qurumların və mütəxəssislərin əlaqələrini qoruyub saxlamasına və əldə olunan təcrübəni gələcək fəaliyyətə daşımasına kömək edə bilər. Bu, dialoqu praktiki nəticələrə çevirməyə imkan verir”.