BAKI, 2 sentyabr. TELEQRAF

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

A.Bayramov bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunub.

O qeyd edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.

"Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq", - deyə vurğulayıb.

TƏBİB-in icraçı direktoru vurğulayıb ki, əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb.

Onun sözlərinə görə, baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək:

"Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir. Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək".

A. Bayramov qeyd edib ki, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.