BAKI, 2 sentyabr. TELEQRAF
Mina probleminin miqyasının böyük olmasına baxmayaraq, Azərbaycan mühüm irəliləyiş əldə edib. ANAMA-nın rəhbərliyi ilə çirklənmiş ərazilərin əhəmiyyətli hissəsi tədqiq edilib və minalardan təmizlənib.
Teleqraf xəbər verir ki, bunu IV Beynəlxalq Mina Fəaliyyəti Konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat deyib.
O qeyd edib ki, bu günə qədər çirklənmiş ərazilərin təxmin edilən ümumi sahəsinin 25,6 faizi təhlükəsiz istifadə üçün təhvil verilib:
“Bu, əvvəllər məcburi köçkün olmuş təxminən 38 200 nəfərin geri qayıtmasına, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi fəaliyyətin, ictimai xidmətlərin və icma həyatının bərpasına şərait yaradıb.
“Landmine Monitor 2025” hesabatına əsasən, Azərbaycan yalnız 2024-cü ildə milli mina fəaliyyətinə 114,6 milyon ABŞ dolları ayırıb. Bu, dünyada hesabat təqdim edən ölkələr arasında ən yüksək milli maliyyə töhfəsidir. 2020-ci ilin noyabrından etibarən hökumətin maliyyələşdirməsi hesabına ümumilikdə 566 milyon ABŞ dolları ayrılıb. Bu, mühüm nailiyyətdir və Azərbaycanın mina çirklənməsinin humanitar və inkişaf baxımından doğurduğu nəticələrin aradan qaldırılmasına sadiqliyinin güclü göstəricisidir. Bu, həmçinin Azərbaycanın mina fəaliyyətini milli sosial-iqtisadi inkişaf prioriteti kimi qəbul etdiyini göstərir. Bu yanaşma mina fəaliyyətinə dair 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədinin qəbul edilməsi ilə də öz əksini tapıb”.