BAKI, 2 sentyabr. TELEQRAF

Mina çirklənməsi təsirə məruz qalan ölkələr üçün milli problem olsa da, mina fəaliyyəti qlobal məsuliyyətdir.

Teleqraf xəbər verir ki, bunu IV Beynəlxalq Mina Fəaliyyəti Konfransında BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat deyib.

Onun sözlərinə görə, bir ölkədə əldə olunan təcrübə, innovasiyalar, texnologiyalar və öyrənilmiş dərslər digər ölkələrə də fayda verə bilər:

“Buna görə də beynəlxalq əməkdaşlıq danılmaz əhəmiyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatı mina fəaliyyəti, partlayıcı sursatların yaratdığı risklərlə bağlı maarifləndirmə, qurbanlara yardım və milli institutlara dəstək sahəsində onilliklər ərzində topladığı təcrübəyə əsaslanaraq, milli səylərin dəstəklənməsi istiqamətində Azərbaycana mühüm qlobal ekspertiza təqdim edə bilər.

Eyni zamanda, Azərbaycanın öz təcrübəsi, milli sərmayələri, innovasiyaları və əldə etdiyi nəticələr minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkmiş digər ölkələrə, o cümlədən Ukrayna, Əfqanıstan, Kamboca, İraq, Suriya, Yəmən və Myanmaya mühüm töhfə verə bilər.

Bu bilik mübadiləsi ikitərəfli tərəfdaşlıq şəklində həyata keçirilməlidir. Bu, Azərbaycanın əldə etdiyi irəliləyişin davam etdirilməsinə, eyni zamanda Azərbaycanın təcrübəsinin daha geniş şəkildə dünyaya çatdırılmasına xidmət etməlidir”.

N.H bildirib ki, qlobal təcrübə dəfələrlə göstərir ki, səmərəli mina fəaliyyəti yerli, milli və beynəlxalq maraqlı tərəflər arasında güclü tərəfdaşlıqdan asılıdır:

“Bu baxımdan, IV Beynəlxalq Mina Fəaliyyəti Konfransı biliklərin bölüşdürülməsi, əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətin səfərbər edilməsi üçün əvəzolunmaz platformadır.

Mina fəaliyyətinin əsas məqsədi insanların və icmaların təhlükəsiz və firavan yaşaması üçün şərait yaratmaqdır.

Mina fəaliyyəti yalnız torpağın partlayıcı təhlükələrdən təmizlənməsindən ibarət deyil. Bu, zərər çəkmiş icmalar üçün təhlükəsizliyə, bərpaya və yenilənmiş ümidə aparan yoldur. Mina fəaliyyəti insanlarda inamı bərpa edir, şəhərlərin yenidən qurulmasına imkan yaradır, etimadı gücləndirir və davamlı inkişaf və uzunmüddətli sülh üçün şərait formalaşdırır.

Buna görə də mina fəaliyyətinə sərmayə qoymaq sülhə sərmayə qoymaq deməkdir”.