BAKI, 2 sentyabr. TELEQRAF

Aİ üzv dövlətlərinin birgə '”Team Europe” təşəbbüsü ilə Azərbaycanda minatəmizləmə tədbirlərinə yönəldilən 22 milyon avrodan çox ümumi büdcənin 12 milyon avrosu məhz Aİ-nin Yaxınlıq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu (NEAR) tərəfindən təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidməti (FPI) çərçivəsində Mina Fəaliyyəti üzrə Regional Proqram Meneceri Arturo Rodriguez Tonelli Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O qeyd edib ki, 2023-cü ildən etibarən Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidməti (FPI) dünya üzrə mina fəaliyyətinə dəstəyi 140 milyon avrodan çox olub:

“Bu vəsait Ukrayna, Suriya, Sudan, Livan və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə layihələrin həyata keçirilməsinə yönəldilib.

Azərbaycana gəldikdə, hesab edirəm ki, dəstəklədiyimiz layihənin əhatə etdiyi məsələlər burada indicə qeyd olunan bir çox mövzu və prioritetlərlə üst-üstə düşür.

Biz BMT-nin İnkişaf Proqramı tərəfindən ANAMA ilə sıx tərəfdaşlıq çərçivəsində həyata keçirilən və ötən il başa çatan layihəni dəstəkləmişik. Bu layihə təcili risklərin azaldılmasını davamlı milli mina fəaliyyəti potensialının inkişafı ilə birləşdirirdi.

Layihə çərçivəsində 3,3 milyon kvadratmetrdən çox çirklənmiş ərazi tədqiq edilərək minalardan təmizlənib.

Azərbaycanın ilk tamamilə qadınlardan ibarət minatəmizləmə qrupları yaradılıb və təchiz edilib. 19 qadın minatəmizləyici təlim keçərək işlə təmin olunub.

Həmçinin səkkiz mina aşkarlayan itdən ibarət ixtisaslaşmış aşkarlama imkanları yaradılıb, nəqliyyat vasitələri ilə tədqiqat aparmaq üçün avadanlıq və qoruyucu vasitələr təqdim edilib”.