BAKI, 2 sentyabr. TELEQRAF
Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə ayrılan vəsaitin cəmi 4 faizə yaxın hissəsi xarici yardımlar hesabına həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, digər ölkələrdə minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin payı Azərbaycandan dəfələrlə yüksəkdir.
“Bu, çox kiçik rəqəmdir. Bizim üçün bu, ümumi humanitar həmrəylik məsələsidir. Ona görə mən ümid edirəm ki, beynəlxalq yardımın həcmi artacaq. Bilavasitə təmizləmə fəaliyyətinə gəldikdə isə, təəssüflər olsun ki, dünyada hələ belə bir texnologiya yoxdur ki, insanı əvəz etsin və ya bu işi sürətləndirsin. Bütün dünyada əsas iş əllə görülür. Yardımçı vasitələr kimi minatəmizləyən maşınlardan və minaaxtaran heyvanlardan istifadə olunur”, - deyə o bildirib.