BAKI, 2 sentyabr. TELEQRAF

Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

O bildirib ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək.

"Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar", - A.Bayramov vurğulayıb.

Onun sözlərinə görə, aparılan islahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir:

"Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.

Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".