BAKI, 2 sentyabr. TELEQRAF
“Birinci Qarabağ müharibəsindən etibarən insanlar minaların qurbanı olublar. Ərazilərin minalarla çirklənməsi onların bərpasına mane olur. Bu, keçmiş məcburi köçkünlərin geri qayıtmasına, şəhərlərin yenidən qurulmasına və mənzillərin inşasına əngəl yaradır”.
Teleqraf xəbər verir ki, bu fikirləri ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O vurğulayıb ki, çirklənmiş ərazilərdə piyada əleyhinə və tank əleyhinə minalar, eləcə də müxtəlif növ sursatlar, raketlər, minaatan mərmiləri, artilleriya mərmiləri və digər partlayıcı qurğulara rast gəlinir:
“Bəzən müxtəlif növ partlayıcı tələlər, demək olar ki, gözlənilməz yerlərdə yerləşdirilmiş minalar da aşkar edirik. Belə partlayıcı qurğular insanların heç gözləmədiyi yerlərdə, xüsusilə binaların girişlərində, müxtəlif obyektlərin və evlərin daxilində, qapıların və pəncərələrin arxasında yerləşdirilir.
İndiyədək 300 min hektara yaxın yüksək prioritetli ərazi təmizlənib. Bu ərazilərdə 43 mindən çox mina və 24 mindən çox partlamamış hərbi sursat aşkar edilib.
Hazırda 65 min hektar yüksək prioritetli ərazi tikinti və bərpa işləri üçün hələ də təmizlənməni gözləyir.
İllik minatəmizləmə hədəfimiz ildən-ilə dəyişir. 2021-ci ildə illik hədəfimiz 25 min hektar idi. Ötən il isə rekord göstəriciyə nail olduq – 69 min hektardan çox yüksək prioritetli ərazi təmizləndi və həmin ərazilər gələcək tikinti və inkişaf işləri üçün istifadəyə hazır vəziyyətə gətirildi. Bu il üçün hədəfimiz də 65 min hektardır. Hazırda bunun təxminən 50 min hektarını artıq təmizləmişik və işlərin gedişində təxminən 50 faizlik irəliləyiş əldə olunub”.