BAKI, 2 sentyabr. TELEQRAF
“Azərbaycan hazırda mina və partlamamış hərbi sursatların qalıqlarından ən çox zərər çəkən ölkələrdən biridir. Minaların döşənməsi 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da davam edib. 2021-ci ildə Ermənistanda istehsal edilmiş 3 mindən çox mina sonradan Azərbaycanda aşkarlanaraq zərərsizləşdirilib”.
Teleqraf xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında səsləndirib.
O vurğulayıb ki, vəziyyəti daha da çətinləşdirən amillər arasında minaların geniş ərazilərdə və çox vaxt işarələnmədən yerləşdirilməsi, eləcə də minalanmış ərazilərin bir çoxu barədə etibarlı məlumatların olmamasıdır.
“Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməməsi təmizləmə əməliyyatlarını ləngidir və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını gecikdirir. Mina çirklənməsi yalnız təhlükəsizlik məsələsi deyil. Bu problem yenidənqurma işlərinə, kənd təsərrüfatına, infrastruktura və ətraf mühitə təsir göstərir. Həmçinin əsas xidmətlərə çıxışı məhdudlaşdırır. Ən başlıcası isə insanların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına mane olur. Münaqişənin başa çatmasından sonra Azərbaycan genişmiqyaslı humanitar minatəmizləmə işlərinə başlayıb. Mina fəaliyyəti milli prioritetə çevrilib və bu istiqamətdə böyük həcmdə daxili resurslar ayrılıb. 2020-ci ildən etibarən Azərbaycan mina fəaliyyəti üçün təxminən 570 milyon ABŞ dolları vəsait ayırıb”, - Samir Şərifov vurğulayıb.