BAKI, 2 sentyabr. TELEQRAF

Qarabağ regionunda, Şərqi Zəngəzurda hökumətin mina fəaliyyəti istiqamətində gördüyü işlər şəhərlərin bərpasının planlaşdırılması ilə bağlı növbəti tədbirlərin həyata keçirilməsi baxımından son dərəcə mühüm və vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramının (BMT-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şəhərlərin bərpası çərçivəsində yaşayış binalarının, əsas xidmətlərin, ictimai obyektlərin, yolların, sosial xidmətlərin, xəstəxanaların, təhsil müəssisələrinin, məktəblərin və digər obyektlərin yenidən qurulması və bərpası mümkün olacaq:

“Bununla yanaşı, enerji də şəhərlərin bərpası və “Böyük Qayıdış”ın çox ambisiyalı proqramı çərçivəsində insanların geri qayıtmasının təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Burada söhbət dayanıqlı şəhər bərpasından gedir.

Enerjidən danışarkən bərpanın daha yaxşı şəkildə həyata keçirilməsini nəzərdə tuturuqsa, bərpa olunan enerjini və dayanıqlılıq aspektlərini nəzərə almalıyıq. Daha yaxşı şəkildə yenidən qurmaq istəyiriksə, həyata keçirdiyimiz tədbirlərin dayanıqlılığını təmin etmək üçün ən əlverişli şəraiti və ən optimal imkanları yaratmalıyıq.

Bərpa olunan enerjiyə investisiya qoymaq üçün bu regionda böyük və çox perspektivli imkanlar var. Hökumət artıq bu sahəyə böyük həcmli investisiyaların yatırılmasını nəzərdən keçirir. Bu da nəqliyyat dəhlizləri ilə yanaşı, enerji dəhlizlərinin inkişafının planlaşdırılması istiqamətində qarşıya qoyulan ambisiyalı hədəflərə və regional səviyyədə strateji baxışa tam uyğundur”.

E.Ali əalvə edib ki, regionu, Asiyanı və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz haqqında məlumatlıdırlar:

“Burada, Azərbaycanda həyata keçirilən səylər, xüsusilə də Qarabağ üzrə aparılan ambisiyalı planlaşdırma məhz bu hədəfə tam uyğun gəlir”.