BAKI, 2 sentyabr. TELEQRAF

Minalar böyük problem olmaqla yanaşı, böyük məsuliyyət də yaradır. Sessiyada qeyd edildi ki, burada bir milyondan çox mina və ya müharibənin partlayıcı qalıqları mövcuddur. Bu, olduqca böyük məsuliyyətdir.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramının (BMT-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hökumət Qarabağ regionunda minaların təmizlənməsi istiqamətində böyük və genişmiqyaslı işlər həyata keçirir:

“Hökumətin rəhbərliyi ilə ANAMA-nın səyləri nəticəsində artıq 3 000 hektardan çox ərazi minalardan təmizlənib.

Burada həqiqətən vacib məqam ondan ibarətdir ki, minaların təmizlənməsi üzrə işlərin 95–96 faizindən çoxuna məhz hökumət rəhbərlik edir. Bu, son dərəcə mühüm mesajdır və digər ölkələr də hökumətin burada qarşıya qoyduğu ambisiyalı hədəfdən və həyata keçirdiyi səylərdən dərs çıxara bilərlər.

Qeyd etdiyim kimi, bu işlər şəhərlərin bərpasının planlaşdırılması istiqamətində növbəti tədbirlərin həyata keçirilməsi, eləcə də köçkünlərin təhlükəsiz şəkildə geri qayıtması üçün zəruri olan yaşayış evlərinin, əsas xidmətlərin və infrastrukturun təmin edilməsi baxımından olduqca vacibdir”.