BAKI, 2 sentyabr. TELEQRAF
Dünyada ən azı 57 ölkə və ərazi hələ də minalarla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş vəziyyətdədir.
Teleqraf xəbər verir ki, bunu IV Beynəlxalq Mina Fəaliyyəti Konfransında BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat deyib.
O bildirib ki, bu ölümcül təhlükələr bütöv icmaların təhlükəsizliyinə, sağlamlığına, rifahına, dolanışığına və gələcək perspektivlərinə təhdid yaratmaqda davam edir. Cəmiyyətin ən həssas təbəqələri arasında yer alan qadınlar və uşaqlar isə çox vaxt bu təhlükələrdən qeyri-mütənasib şəkildə daha çox zərər çəkirlər.
“Səsləndirdiyimiz hər bir statistikanın arxasında bir insan hekayəsi dayanır: evinə qayıda bilməyən ailə, torpağını becərə bilməyən fermer, məktəbə təhlükəsiz şəkildə gedə bilməyən uşaq. Mina fəaliyyətinin əsl təsiri yalnız təmizlənmiş hektarlarla deyil, bərpa edilmiş həyatlarla, yaradılmış imkanlarla və geri qaytarılmış gələcəklə ölçülür.
Azərbaycanda 1991-ci ildən etibarən 3 500-dən çox insan mina qurbanı olub. 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 58-i mülki şəxs olmaqla 73 nəfər həyatını itirib, 183-ü mülki şəxs olmaqla daha 364 nəfər isə yaralanıb. Bu hadisələr çox vaxt insanların həyatını kökündən dəyişdirən nəticələrə səbəb olub. Bu gün burada toplaşarkən həmin qurbanlar və sağ qalan insanlar da diqqətimizdədir”, - N.Hayat qeyd edib.
BMT-nin nümayəndəsi əlavə edib ki, 2026–2030-cu illər üçün BMT-nin Azərbaycan üzrə yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə əsasən, ANAMA-nın səylərini UNOPS və digər tərəfdaşlar vasitəsilə dəstəkləməyə tam sadiqdirlər:
“Bu əməkdaşlıq, həmçinin humanitar minatəmizləmə və münaqişədən sonrakı bərpa sahəsində potensialın inkişafı, innovasiyalar və qabaqcıl təcrübələrin yayılması üçün gələcək qlobal platforma kimi nəzərdə tutulan Mina Fəaliyyəti üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzi çərçivəsində həyata keçiriləcək”.